“Böyük Dəbilqə” seriyalı turnirlərin 21 qat qalibi Novak Cokoviç Amerika Birləşmiş Ştatlarında avqustun 29-da start götürən US Open turnirində iştirak etməyəcək. 

Serbiyalı raketka ustası mötəbər yarışda mübarizə aparmaqdan rəsmi şəkildə imtina edib.  Novak  vaksinasiya prosesindən keçmədiyinə görə hazırkı qanunlara görə Amerika Birləşmiş Ştatlarına səfər edə bilməz. Hərçənd yarışın startına qədər bu ölkə ərazisinə daxil olanlar üçün müəyyən güzəştlərin ediləcəyi ilə bağlı məlumatlar da yayılmışdı. Görünür, bunun reallaşacağına inanmayan Cokoviç qərarını indidən açıqlayıb. Xatırladaq ki, Novak eyni səbəbdən ilin əvvəli “Australian Open” turnirində də iştirak etməmişdi. O, yarışın startı ərəfəsində Melburna səfər etsə də, bu ölkənin hüquq mühafizə orqanlarının əməkdaşları idmançının gömrük məntəqəsindən keçməsinə icazə verməmişdi. Bundan sonra eyni səbəbdən bir neçə turnirdə iştirakdan məhrum olan serbiyalı raketka ustası sonuncu dəfə  “Uimbldon”da ali mükafata yiyələnib. Xatırladaq ki, Cokoviç ötən mövsüm “Us Open”də finala qədər irəliləmiş, amma həlledici görüşdə rusiyalı Daniil Medvedevə 3 setdə məğlub olmuşdu.